Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib

İpoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib
İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, Fond 2026-cı il ərzində də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. İndiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
İpoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. Dəyişikliyə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər.